Zərifliyin və Zəkanın İşığı: “Azərbaycanın Ziyalı Xanımları” Ensiklopediyası

Gündəm / Cəmiyyət
Dünən, 12:19 298


“Azərbaycanın Ziyalı Xanımları” ensiklopediyası respublikamızın elmi, mədəni və ictimai həyatında mühüm iz qoymuş qadınların həyat və fəaliyyətini əhatə edir. Kitabda elm və təhsil sahəsində xidmətləri olan, eləcə də hüquq, iqtisadiyyat, tarix, filologiya, pedaqogika, incəsənət, tibb, jurnalistika və digər sahələrdə önəmli rol oynamış görkəmli ziyalı qadınlar haqqında sistemləşdirilmiş və ətraflı məlumat təqdim olunmuşdur.
Nəşrin əsas məqsədi Azərbaycanın ziyalı xanımlarını beynəlxalq səviyyədə tanıtmaq, eyni zamanda ölkələrarası dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verməkdir. Ensiklopediyanın əhəmiyyəti ondan ibarətdir ki, o, təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yayımlanaraq, ölkəmizin elmi, mədəni və ictimai nailiyyətlərini beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Kitabda tarixi və bioqrafik məlumatlar əlifba sırası ilə təqdim olunur ki, bu da oxucular üçün istifadəsini daha asanlaşdırır Nəşr yalnız məlumat mənbəyi kimi deyil, eyni zamanda Azərbaycan xanımlarının cəmiyyətin inkişafında oynadığı rolu daha dərindən anlamaq baxımından da mühüm əhəmiyyət daşıyır. Əminik ki, bu ensiklopediya tədqiqatçılar, müəllimlər, tələbələr və geniş oxucu auditoriyası üçün dəyərli və etibarlı mənbəyə çevriləcək, həmçinin bu günün və gələcəyin qadınlarının cəmiyyətimizdəki rolunun daha dolğun dərk olunmasına xidmət edəcəkdir.