Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?

Gündəm / Sosial
Bu gün, 14:45 21

Bir vaxtlar pandemiya qaydalarını pozduğuna görə həbs edilən, sonradan azadlığa çıxan və adı müxtəlif qalmaqallarda hallanan, “klublar kralı” kimi tanınan Dilsuz Dəmirçiyev yenidən gündəmə gəlib.

Onun barəsində Musavat.com-a mötəbər mənbələrdən müdhiş iddialar daxil olub. Bununla da onun sahibi olduğu deyilən, Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “EXTRA CLUB” adlı məkan ətrafında diqqətçəkən şok məlumatlar ortaya çıxıb.

Mənbənin məlumatına görə, Dilsuz Dəmirçiyevin rəhbərlik etdiyi bu məkana Azərbaycan vətəndaşı olan kişilər buraxılmır. Klubun qapıları isə ərəb, Küveyt, Pakistan və digər xarici ölkələrdən olan kişilərin üzünə açıqdır. Maraqlıdır ki, azərbaycanlı kişilərin girişinə məhdudiyyət qoyulan məkana qadınlar buraxılır.

Mənbə onu da xüsusi olaraq bildirdi ki, klubda qadınların seçimi zamanı yaş və xarici görünüş meyarlarına xüsusi diqqət yetirilir. Həmçinin gecəlik xidmətlərin qiymətinin 300-500 dollar, bəzi hallarda isə 800-1000 dollara qədər yüksəldiyi barədə sensasiyalı iddialar var.

Məkanda tanınmış TikTok istifadəçilərinin, bloggerlərin və müğənnilərin də göründüyü bildirilir. Bu cür məkanların fəaliyyəti və orada baş verənlər isə, cəmiyyətdə ciddi suallar doğurur.

Azərbaycanda fəaliyyət göstərən bir məkanın azərbaycanlı kişiləri qəbul etməməsi, əcnəbi kişilərə isə qapılarını açması hansı prinsiplərə əsaslanır?

Bu müdhiş iddialarla dolu suala adı çəkilən "EXTRA CLUB"a aid məsul şəxslərdən birinin cavabı varsa, Musavat.com olaraq, dərc etməyə hazırıq.

Mənbə onu da bildirir ki, Dilsuz Dəmirçiyevin adı bununla da bitmir. Məlumatda onun “Tenpo Baku” və “Star Baku” kimi məkanlarla da əlaqəsi olduğu qeyd olunur

Bundan başqa, Dəmirçiyevin nüfuzlu dövlət qurumlarından birinin generalı ilə yaxın münasibətlərinin olduğu barədə fikirlər də səsləndirilir. Məhz bu əlaqəsindən dolayı onun daha çox "at oynatdığı" iddia edilir.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarına qarşı ayrı-seçkilik məsələsi hər zaman cəmiyyət üçün həssas mövzu olub. Əgər məkanda giriş qaydaları həqiqətən bu cür tətbiq edilirsə, bunun səbəbləri ictimaiyyətə mütləq açıqlanmalıdır.

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Musavat.com