Cəlilabadda məktəbin acınacaqlı vəziyyəti - "Uşaqlar yeriməyə qorxur" - Video
Gündəm
Bu gün, 17:55
19
Cəlilabad rayonunun Alar kəndində yerləşən Rauf Quliyev adına 3 saylı tam orta məktəbin acınacaqlı vəziyyətdə olması valideynlərin narazılığına səbəb olub.
Bizimesr.info xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayımlanıb.
Bildirilib ki, məktəbdə uzun illərdir əsaslı təmir işləri aparılmadığından binanın bəzi hissələri yararsız vəziyyətə düşüb. Sinif otaqlarının divarlarında müşahidə olunan dağıntılar, döşəmənin sıradan çıxması və digər problemlər təhsil müəssisəsinin ümumi vəziyyətini daha da ağırlaşdırıb.
Valideynlərin sözlərinə görə, məktəbin döşəməsi o qədər yararsız vəziyyətdədir ki, onun üzərində hərəkət etmək belə təhlükəlidir. Tavanın və divarların vəziyyəti də döşəmədən geri qalmır. Məktəbdə uzun illərdir ki, heç bir təmir işləri aparılmır.
"Tavan, döşəmə tamamilə yararsız vəziyyətdədir. Döşəmənin üstündə gəzəndə adam yıxılacağından qorxur. Sinif divarları uçub-tökülüb. Heç olmasa, bir quru rəng alıb çəkən də yoxdur. Uşaqlar bu vəziyyətdə dərsə gedib-gəlmək məcburiyyətindədirlər", - deyə şikayətdə vurğulanıb.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu verilib.
VİDEO LİNKDƏ: https://www.bizimesr.info/az/post/celilabadda-mektebin-acinacaqli-veziyyeti---usaqlar-yerimeye-qorxur---video-23976
