Tramp Nikkini təriflədi - Ağ Ev onu mətbuat katibi “təyin etdi”
Dünya
Bu gün, 09:12
10
ABŞ Prezidenti Donald Tramp məşhur reper Niki Minajın xarici görünüşünü tərifləyib. Eyni zamanda, Ağ Evin yüksəkvəzifəli əməkdaşları zarafatla müğənninin yeni mətbuat katibi ola biləcəyini irəli sürüblər.
Hadisə Miçiqan ştatının Port Huron şəhərində Respublikaçı namizədlərə dəstək məqsədilə keçirilən mitinqdə baş verib.
Tramp çıxışı zamanı Minajın görünüşünə diqqət çəkərək onun “gözəl” olduğunu deyib və müğənnini ayağa qalxmağa dəvət edib. Bu çağırışa izdiham alqışlarla cavab verib.
Mitinqdə iştirak etmək üçün Tramp və Minaj prezidentin rəsmi təyyarəsi “Air Force One” ilə səfər ediblər. Reper çıxışı zamanı prezidentə dəstəyini ifadə edərək onu hər zaman müdafiə edəcəyini bildirib. Minaj hətta Tramp yenidən namizədliyini irəli sürəcəyi təqdirdə onu dəstəkləyəcəyini vurğulayıb.
Tramp və Minaj arasında qarşılıqlı təriflər ilk dəfə deyil ki, gündəmə gəlir. Müğənni daha əvvəl özünü prezidentin “bir nömrəli pərəstişkarı” adlandırıb, Tramp isə onu “əla dost” kimi təqdim edib.
Mitinq günü Ağ Evin kommunikasiya direktoru Stiven Çunq və Trampın müşaviri Aleks Bruseviç də Minajın mətbuat katibi vəzifəsinə gətirilə biləcəyini zarafatla irəli sürüblər. Çunq prezident təyyarəsində çəkilən videonu paylaşaraq “Deyəsən, Ağ Evin yeni mətbuat katibini tapdıq!” yazıb.
Ağ Evin mətbuat katibi vəzifəsi Keti Zakariyanın cəmi yeddi gün işlədikdən sonra oktyabrın 16-da vəzifədən uzaqlaşdırılmasından sonra boş qalıb. Bununla belə, Minajın bu posta təyin olunmasının nəzərdən keçirildiyinə dair rəsmi açıqlama verilməyib.
