“Bağça Şəhər”də yanğın təhlükəsi: Bina rəhbərliyi sakinlərin şikayətlərinə məhəl qoymur

Gündəm / Aktual
Bu gün, 16:39 14


Sumqayıt şəhərində “Aral Group” tərəfindən inşa edilən “Bağça Şəhər” yaşayış kompleksindəki çoxmənzilli binalardan biri ciddi yanğın təhlükəsi ilə üz-üzədir.
Patrul.az-ın məlumatına görə, sözügedən binanın qapalı yeraltı qarajında kortəbii şəkildə quraşdırılan fərdi elektromobil şarj cihazı heç bir təhlükəsizlik standartlarına cavab vermir.
Redaksiyamıza daxil olan görüntülərdən aydın olur ki, parkinq sahəsində 77-MG-177 dövlət qeydiyyat nişanlı avtomobil üçün fərdi şarj stansiyası quraşdırılıb. Lakin texniki qaydalara tamamilə zidd olaraq, yüksək gərginlikli elektrik naqilləri açıq və qeyri-peşəkar şəkildə çəkilib, avtomat qutusu isə izolyasiyasız vəziyyətdə buraxılıb.
Əldə etdiyimiz məlumata görə, bu təhlükəli aparat birbaşa bina rəhbərliyi tərəfindən öz şəxsi avtomobili üçün quraşdırılıb. Məsələnin ən dəhşətli tərəfi isə odur ki, bu addımı atan şəxs və onun ailəsi həmin binada yaşamır.
Yaranmış qorxulu vəziyyətlə bağlı redaksiyamıza danışan bina sakinlərindən biri bildirib:
“Birinci mərtəbə istisna olmaqla, hər mərtəbədə 8 mənzil var və binada ümumilikdə 64 ailə məskunlaşıb. Hər ailədə minimum 3 nəfərin yaşadığını nəzərə alsaq, bu, 192 insanın həyatının real təhlükə altında olması deməkdir. Avtomobilin sahibi olan bina rəhbəri özü başqa yerdə rahat yaşayır, bizim isə həm canımızı, həm də əmlakımızı hər an baş verə biləcək qısaqapanma və yanğın riski ilə baş-başa qoyub. Bina rəhbərliyinə dəfələrlə müraciət etsək də, şikayətlərimizə baxılmır, öz istədikləri kimi hərəkət edirlər”.
Binanın digər böyük problemi isə sakinlərin qanuni parkinq hüquqlarının kobud şəkildə məhdudlaşdırılmasıdır.
İddiaya görə, bina rəhbərliyi sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş həyətyanı ərazini zəbt edərək, orada heç bir rəsmi icazə olmadan qanunsuz “TAXI” (taksi) duracağı yaradıb. Ərazidə xüsusi sarı nişanlanma xətləri çəkən rəhbərlik, bu yerləri qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərə aylıq 30 manat məbləğində kirayəyə verdiyi bildirilir.
Sakinlər həm binanın daxili şəbəkəsinə edilən təhlükəli müdaxiləyə, həm də həyətdə yaradılmış qanunsuz parkinq biznesinə görə aidiyyəti dövlət qurumlarından kompleksdə hərtərəfli yoxlamalar aparılmasını və qanun pozuntularına qarşı ciddi hüquqi tədbirlər görülməsini xahiş edirlər.