Mikayıl Cabbarov `AZERCELL`İ NİYƏ `VURUR`? - İLGİNC GƏLİŞMƏ

Gündəm / Sosial
9-12-2022, 15:52 58


DİA.AZ olaraq az əvvəl məlumat verdik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti inhisarçılıq fəaliyyətinin və haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

Dövlət Xidməti adından yayılan məlumatda deyilirdi ki, daxil olmuş müraciətlə əlaqədar aparılmış araşdırmalar zamanı abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə bağlı “Azercell Telekom” MMC ilə tərəfdaşı olan “L-SİM” MMC arasında bağlanılan müqavilələrdə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edilib və nəticədə hər iki müəssisə barədə iş qaldırılıb.

İşə baxılması zamanı müəyyən edilib ki, “Azercell Telekom” MMC “L-SİM” MMC-yə SMS-in qiymətində güzəşt tətbiq etməklə ayrı-seçkiliyə yol verib. “Azercell Telekom” MMC və “L-SİM” MMC arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması nəticəsində “Azercell Telekom” MMC tərəfindən inhisarçılıq fəaliyyətinə yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun pozulduğu sübut edilib. “L-SİM” MMC-nin isə bu cür rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması ilə rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməklə haqsız rəqabətə yol verdiyi müəyyən edilib.

Bununla yanaşı, “Azercell Telekom” MMC tərəfindən abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə əlaqədar tərəfdaşlarla bağlanan müqavilələrdə 1 SMS-in yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilməməsi şərtinin qoyulduğu da müəyyən edilib.

Qanun pozuntularının aradan qaldırılması üçün “Azercell Telekom” MMC və “L-SİM” MMC-yə icrası məcburi olan göstəriş verilib. “Azercell Telekom” MMC-yə qanun pozuntusu nəticəsində əldə etdiyi 1,6 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi haqqında icrası məcburi göstəriş verilib. Haqsız rəqabətə yol verdiyinə görə “L-SİM” MMC-yə 127 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlarda isə ilginc məqamlara toxunulur. Bu barədə redaksiyamıza iqtisadi dairələrdən ötürülən informasiyadan belə anlaşılır ki, artıq dövlət "Azercell"lə bağlı müəyyən tədbirlərin həyata keçirilməsində maraqlıdır.

Mənbə iddia edir: "Söhbət "Azercell" xəttilə əldə olunan və hazırda nəzarətsiz qalan on milyonlardan gedir. Hər ay bu qədər şübhəli vəsaitlə bağlı dövlətin müvafiq qurumlarında şübhələr yaranmaqdadır. Ona görə də "Azercell" dövlətin iştirakı olmasına rəğmən hələ də müəyyən dairələrin nəzarətində olması səbəbindən ciddi təftiş olunur, “Azercell Telekom” MMC-nin faəliyyəti incələnir".

Mənbə əlavə olaraq onu da bildirir ki, bu araşdırma uzun müddət çəkə bilə və zaman-zaman bu kimi sanksiyalarıla bağlı informasiyaları eşidə bilərik...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...