İƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi - Fotolar
Gündəm / Siyasət
Dünən, 14:39
16
Bu gün İranda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası keçirilib.
Xarici İşlər Nazirliyinən verilən məlumata görə, xarici işlər naziri Ceyhun Bayramov İranın Məşhəd şəhərinə işgüzar səfəri çərçivəsində sözügedən iclasda iştirak edib.
Nazir çıxışında İƏT çərçivəsində əməkdaşlığın gücləndirilməsi, təşkilatın institusional inkişafı, iqtisadi-ticarət, enerji təhlükəsizliyi, ətraf mühit, nəqliyyat və kommunikasiyalar, bağlantılar və s. istiqamətlər üzrə əməkdaşlıq imkanlarından istifadə ilə bağlı ölkəmizin baxışından bəhs edib.
Nazirlər Şurasının 28-ci iclasının İƏT-in 10 oktyabr 2023-cü ildə Şuşa şəhərində keçirilən görüşündən bəri təşkilatın ehtiyacları və üzv dövlətlər arasında əməkdaşlıq imkanlarının gücləndirilməsi ilə bağlı əldə olunan irəliləyişlər və gələcək planların müzakirəsi baxımından əhəmiyyəti qeyd edilib.
Növbəti il ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi etmək niyyətində olduğu, bu istiqamətdə bütün üzv ölkələrin aktiv iştirak və töhfələrinin vacibliyi diqqətə çatdırıb.
İƏT çərçivəsində müxtəlif sahələr, o cümlədən ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, turizm, ətraf mühitin qorunması üzrə əməkdaşlığın təşviqi baxımından ixtisaslaşmış qurumların fəaliyyətinin vacibliyi qeyd olunub. İƏT Araşdırma Mərkəzi və Təmiz Enerji Mərkəzinin ölkəmizdə fəaliyyət göstərəcəyi, bu baxımdan sözügedən qurumların effektivliyinin təmin olunması üzrə onların təsisat sənədlərinin imzalanması və ratifikasiyasının mühüm olduğu qeyd edilib.
Ötən ay ölkəmizin ev sahibliyi etdiyi, İƏT regionunda ilk dəfə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əldə olunmuş nailiyyətlərdən ətraflı bəhs edən C.Bayramov, Bakı Maliyyə Məqsədi daxil olmaqla, COP29 çərçivəsində əldə olunmuş razılıqların iqlim dəyişikliyi ilə mübarizə istiqamətində vacib dönüş nöqtəsi olduğunu qeyd edib.
Görüşün sonunda “Məşhəd Kommünikesi” adlı yekun sənəd qəbul edilib.